Görkəmli şəxsiyyətləri

Tam adı:Zahid İsmayıl oğlu Xəlilov

Doğum tarixi:14 yanvar 1911-ci il

Ölüm tarixi: 4 fevral 1974-cü il


Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflis də bitirdikdən sonra 1929-cu ildə Bakı da Azərbaycan Dövlət Universiteti nin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universiteti ndə məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimov dan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua).

1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.

1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatları nda çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" dərsliyini də o yazmışdır (1949).

Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutu nun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.

1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır. Bakı şəhərində adına küçə və məktəb var.

Əsas elmi nailiyyətləri

Əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrinə aiddir. Azərbaycanın ilk riyaziyyatçılarından biri olan alim funksional analiz məktəbinin əsasını qoymuşdur. Poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyişənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün Furye üsulunun analoqunu, qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hidromexanikanın neft və qaz yataqlarının işlənməsində tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini tədqiq etmişdir.

Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti var. Zahid Xəlilov Azərbaycan funksional analiz məktəbinin banisi olmaqla yanaşı həm də SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifidir. O, Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti seçilmişdir.

Tam adı:Nəsib Qurban oğlu Hacıyev

Doğum tarixi:13 noyabr, 1916

Ölüm tarixi: 4 avqust, 1976


Nəsib Qurban oğlu Hacıyev 1916-cı il noyabrın 13-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlıda, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə ona kənddə müəllimlik etməyə icazə vermişlər. 1934-cü ildə Tbilisi Pedaqoji Texnikumunu bitirmişdir. Elə həmin ildə də Saraçlı yeddillik məktəbinə direktor təyin olunmuşdur. Sonra bir müddət Bolnisi Rayon Xalq Məhkəməsinin sədri işləmişdir.

Böyük Vətən müharibəsi illərində XDİK (NKVD) qoşunları sırasında müxtəlif vəzifələrdə xidmət etmişdir. Müharibə qurtardıqdan sonra Qardabani şəhərində məktəb direktoru işləməklə yanaşı həm də Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq ikinci ixtisasa yiyələnmişdir. 1947-1950-ci illərdə Qardabani rayonunun prokuroru, sonra isə 12 il ərzində Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.

1962-ci ildə Gürcüstan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin üzvü təyin edilmiş, 1968-ci ildən isə Ali Məhkəmənin Xüsusi İşlər üzrə Kollegiyasının sədri olmuşdur. 1971-ci ildə "Sovet cinayət hüququ üzrə şərti məhkumluq" mövsunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Gürcüstanın Əməkdar hüquqşünası idi. Nəsib Hacıyev Gürcüstan vətəndaşları arasında ən tanınmış və nüfuzlu azərbaycanlılardan biri hesab olunurdu. O, rus, gürcü, erməni və türk dillərini mükəmməl bilirdi. Övladları Eldar – kənd təsərrüfatı elmləri doktoru (Moskva), Elşad polis polkovniki (Tbilisi) və Janna tibb elmləri namizədidir (Tbilisi).

1976-cı il avqust ayının 4-də Tbilisi şəhərində vəfat etmişdir. Məzarı Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"dədir.

Tam adı:Hüseyin Qurban oğlu Həsənov

Doğum tarixi:1916

Ölüm tarixi: 1987


Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib.

Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib.

Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı – yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi.

Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. Dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm", "Bağdad dübeyti" kimi saz havalarının müəllifi olan Aşıq Hüseyn Saraçlının çıxışları neçə-neçə bədii və sənədli filmin, televiziya verlişlərinin yaraşığı olmuşdur. "Tütək səsi" filmində çaldığı "Ruhani" havası isə tamaşaçını əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır.

Hüseyn Saraçlı Azərbaycan aşıqlarının II və III qurultaylarının, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçısı olmuşdur.

Onun haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısa metrajlı film çəkilib. Xalq şairi Bəxtiyar Vahabzadə böyük Ozan haqqında yazırdı: "... H.Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayət edəni də. Eyni zamanda o, həm liberetto müəllifidir, həm də bəstəkar".

Aşıq Hüseyn Saraçlı 1980-ci ildə Gürcüstan SSR-nin Əməkdar mədəniyyət xadimi adına layiq görülmüş, bədii əsərlərindən ibarət toplu 1992-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub onun həyatı və sənət fəaliyyəti ilə bağlı "Hüseyn Saraçlı dastanı"nı yaratmışdır.

Ustad aşıq 1987-ci ildə vəfat etmişdir. Məzarı Saraçlı qəbristanlığındadır. Doğma kəndində aşığın büstü qoyulmuşdur.

 

Tam adı:Abdulla Oruc oğlu Mehrabov

Doğum tarixi:1 may 1938

Ölüm tarixi: 30 may 2015


Abdulla Mehrabov 1938-ci il mayın 1-də Saraçlı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb.

1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə “Fizika və istehsalatın əsasları” ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun “Fizika” kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun “İstilik fizikası” kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.

1964-1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında “Bərk cisimlər fizikası” ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl “Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alıb.

1967-ci ildən 1975-ci ilədək, Azərbaycan Politexnik İnstitutunun “Fizika” kafedrasında assisent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb.

1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun “Fizika” kafedrasına rəhbərlik edib. 1983-cü ildə “Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri” mövzusunda doktoluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru — alimlik dərəcəsi alıb.

Professor A.Mehrabov “Bərk cisimlər fizikası”, “İstilik fizikası və və molekulyar fizika” ixtisasları üzrə tanınmış alimdir. O, ilk dəfə bərk cisimlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını yaratmış və geniş spektrli tədqiqatlar aparmışdır.

“Bərk cisimlər fizikası” sahəsində, yüksək enerjili hissəciklərin və radiasiyanın dəmir və nikel əsaslı ərintilərin kristallik quruluşuna, faza keçidlərinə, fiziki, mexaniki və istilik xassələrinə təsirini öyrənərək əldə etdiyi nəticələr professor A.Mehrabova bir alim kimi böyük şöhrət gətirmiş, əməyi elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdir. Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanmışdır.

Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş “Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi” monoqrafiyası elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdir.

A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək Azərbaycan Respublikası Xalq Təhsili Nazirinin müavini vəzifəsində işləmişdir. 2001-ci ildən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbərlik edir. Professor A.Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilmiş, 2006-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Tam adı:Həmdulla Oruc oğlu Mehrabov

Doğum tarixi:1952

Ölüm tarixi:


Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.
MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir.
1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi. Belə ki, o, buradakı Tokio, Osaka, Kioto, Nagoya, Çukubo, Xirosima, Nara və digər şəhərlərindəki universitetlərdə və elmi-tədqiqat mərkəzlərində elmi araşdırmalar aparmaqla bərabər, master və doktor tələbələri üçün yüksək səviyyədə dərslər verərək yaponiyalı həmkarlarının dərin hörmətini qazandı. 1984-1988-ci illər arasında, Həmdulla Mehrabov çoxkomponentli metalik sistemlərin statistik-termodinamik nəzəriyyəsini elektron nəzəriyyəsi ilə birləşdirərək metalik sistemlərin nəzəriyəsində yeni bir istiqamətin açılmasına imkan yaratdı. Sadəcə metal ərintilərinin nəzəriyyəsinin inkişaf etdirilməsi ilə kifayətlənməyən Həmdulla Mehrabov, həm də struktur neytronoqrafiyası, rentgen şüalarının difraktometriyası, kalorimetriya, dilatometriya və başqa struktur metodlarından istifadə edərək ikili və çoxkomponentli ərintilərdə çox önəmli təcrübələr də aparmışdır.
Həmdulla Mehrabov, 1989-cu ildə Tbilisi Dövlət Universitetindəki BCF üzrə ixtisaslaşdırılmış Elmi Şurada "Ni-ve Fe əsaslı ərintilərdə atomların nizamlanmasına statik və dinamik defektlərin təsiri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya işində əldə olunmuş elmi nəticələrin, fiziki-kimyasal və mexaniki xassələri əvvəlcədən məlum ola biləcək yeni və daha üstün xassəli materialların alınması probleminin həllində yeni bir istiqamət açdığı və problemin həlli yollarını göstərərək həm elmi, həm də praktiki cəhətdən çox vacib olduğu xüsusi olaraq qeyd olunmuşdur.
Professor Həmdulla Mehrabov, 1990-cı ildə ADU-nun fizika fakültəsindəki "Optika ve Molekulyar Fizika" kafedrasına müdir seçildi. Kafedrada elmi-tədqiqat və tədris işlərinin təşkil olunmasında böyük əmək sərf etdi. 1991-ci ildə Həmdulla Mehrabov ABŞ-ın Kaliforniya əyalətindəki dünyaca məşhur Kaliforniya Universitetindən bir semestr dərs vermək və birgə elmi-tədqiqat işləri aparmaq üçün dəvət aldı. Santa Barbara şəhərindəki Kaliforniya Universitetinin "Nüvə və Kimya Mühəndisliyi" departmanında 4 ay həm dərs verdi, həm də elmi-tədqiqat işləri apardı.
Sovetlər İttifaqı dağıldıqdan sonra, 1992-ci ildə professor Həmdulla Mehrabov, Türkiyənin Ankara şəhərindəki dünyaca məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) uzunmüddətli çalışmaq üçün dəvət aldı. 1992-ci ilin sentyabr ayından bu günə qədər, ODTÜ-nün Mühəndislik fakültəsinə bağlı olan "Metallurgiya və Materiallar Mühəndisliyi" departmanında professor olaraq çalışmalarına davam edir. ODTÜ-də, Həmdulla Mehrabov daha çox Master ve Doktor öyrənciləri üçün dərslər verməklə yanaşı, intensiv olaraq elmi-tədqiqat işlərini də davam etdirir. Türk həmkarları ilə bərabər "Yüksək Texnologiya Materiallarının dizaynı və inkişaf etdirilməsi" laboratoriyasını quran Həmdulla Mehrabov, ODTÜ-də çalışdığı 20 ilə yaxın müddət içərisində BCF və Materiallar Bilim və Mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olur. Apardığı nəzəri və təcrübi tədqiqat işlərinin həm spektrinə, həm də alınan nəticələrin səviyyəsinə görə onun rəhbərlik etdiyi laboratoriya bu gün dünyanın ən məşhur elmi-tədqiqat mərkəzləri ilə yarışacaq vəziyyətdədir. İri və həcmli amorf və nanokristal materialın dizaynı və inkişaf etdirilməsi sahələrində, professor Həmdulla Mehrabovun laboratoriyası ABŞ və Avropanın ən qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək ortaq çalışmaları müvəffəqiyyətlə yerinə yetirməkdədir.
Bütün bu qeyd olunanlarla yanaşı, professor Həmdulla Mehrabov eyni zamanda, BCF və Materiallar Bilim və Mühəndisliyinin aktual problemlərinin həll olunması üçün, Türkiyə-Azərbaycan, Türkiyə-Ukrayna və Türkiyə-Rusiya ortaq elmi-tədqiqat proyektlərinin təşkil olunmasında, hazırlanmasında və müvəffəqiyyətlə aparılmasında mühüm rol oynamaqdadır.
Dünyanın ən məşhur jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-ə yaxın sanballı elmi məqalənin müəllifi olan professor Həmdulla Mehrabov, bu məqalələrə dünyanın ən məşhur alimləri tərəfindən 500-dən artıq referans verilərək, böyük elmi nailiyyət göstərmişdir. Elmi-tədqiqat işləri ilə yanaşı, professor Həmdulla Mehrabov, qardaş Türkiyə Respublikasında yüksək səviyyəli elmi-texniki kadrların hazırlanmasında da yaxından iştirak etmişdir. Türkiyədə çalışdığı müddətde onun rəhbərliyi altında 20-dən çox Master ve Doktor tələbələri elmi işlərini müvəffəqiyyətlə tamamlayaraq elmi dərəcələr almışlar. Bundan başqa, professor Həmdulla Mehrabov Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da iş almışdır.
2000-ci ildə, professor Həmdulla Mehrabov Bərk Cisimler Fizikası və Materiallar Bilim və Mühəndisliyi sahələrində əldə etdiyi böyük nailiyyətlər diqqətə alınaraq, gizli səsvermə yolu ilə yekdilliklə, bütün dünya müsəlmanlarının akademiyası sayılan, İslam Dünyası Bilimler Akademiyasına həqiqi üzv seçilmişdir. Qeyd edək ki, dünya müsəlmanlarının ən nüfuzlu qeyri-dövlət təşkilatı olan İslam Dünyası Bilimler Akademiyasının, müsəlman mənşəli Nobel mükafatı laureatları da daxil olmaqla, gizli səsvermə yolu ilə seçilmiş, toplam 100 həqiqi üzvü vardır. Bununla yanaşı, professor Həmdulla Mehrabov ABŞ-da, Türkiyədə və dünyanın bir çox ölkəsində fəaliyyət göstərməkdə olan akademiya və cəmiyyətlərə həqiqi üzv seçilmişdir. Bundan başqa, professor Həmdulla Mehrabovun həyat və fəaliyyəti, ABŞ-da çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklopediyasının "Bilim və Mühəndislikdə Kim Kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Qeyd edək ki, bu kitabda dünyanın hər yerindən Bilim və Mühəndislikdə böyük nailiyyətlər qazanmış toplam 25000 bilim adamının adı yer almışdır.
BCF və Materiallar Bilim və Mühəndisliyi sahələrində Azərbaycan elmini dünyanın hər yerində layiqincə və yüksək səviyyədə təmsil edən professor Həmdulla Mehrabov, hal-hazırda qardaş Türkiyədəki ingilisdilli Orta Doğu Texnik Universitetindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departmanında professor və laboratoriya müdiri olaraq, tədris və elmi-tədqiqat çalışmalarını davam etdirir.

Tam adı:Binəli İsa oğlu Musayev

Doğum tarixi:15 avqust 1944

Ölüm tarixi: 20 aprel 2008


Binəli İsa oğlu Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır.

1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dossent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır.

Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir. Bir sıra Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, elmi dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuranın və Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin üzvü idi.

1995-ci ildə Kanada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan komandası heyətinin rəhbəri olmuşdur.

1997–2005-ci illərdə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərindəki Dumlupınar Universitetində professor vəzifəsində çalışmışdır. 2005-ci ildən ömrünün sonunadək isə elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir.

2008-ci il aprel ayının 20-də Bakı şəhərində vəfat etmişdir

 

Tam adı:Mehralı Məhəmməd oğlu Bayramov

Doğum tarixi:04 may 1940

Ölüm tarixi:


Mehralı Məhəmməd oğlu Bayramov 1940-cı ildə Bolnisi rayonu Saraclı kəndində anadan olmuşdur. 1950-ci ildə Saraclı kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1960-cı ildə həmin məktəbi bitirmişdir.
1960-cu ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1965-ci ildə həmin institutu bitirmişdir. 1968-ci ildə aspiranturaya qəbul olunmuş, 1971-ci ildə aspiranturanı bitirmiş və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Elmi – Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda mühəndis, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
1992-ci ildən isə Elmi İstehsalat müəssisəsində Firmanın Prezidenti ( BEEEM ) vəzifəsində işləyir.
Mehralı Bayramov institutda işlədiyi müddət ərzində 12 ixtiranın müəllifi olmuş, 5 ümumittifaq sərgisinin gümüş, bürünc medalını qazanmışdır. O, eyni zamanda 4 dissertasiya işinə rəhbərlik etmişdir.
Onun elmi və pedoqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə və bir neçə təklif və metodik göstərişdə öz əksini tapmışdır. 60-dan çox beynəlxalq, ittifaq və respublika səviyyəli konqres, konfras və müşavirələrdə iştirak etmiş, elmi materiallar dərc etdirmişdir.

Tam adı:Əflatun Yunis oğlu Məmmədov

Doğum tarixi:5 dekabr 1936

Ölüm tarixi: 22 yanvar 2008


Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır.

1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir.

1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır.

Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır. Azərbaycan Yazarlar Birliyinin üzvü professor Əflatun Saraçlı həm də şair kimi tanınmışdır. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. Bir çox şeirləri dillər əzbəri olan şairin ilk şeri 1956-cı ildə “Stalin yolu” adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun "Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur.

Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin “Günahsız Abdulla”, “Ləmbəli” əsərlərini, S.S.Orbelianinin “Uydurmanın hikməti” əsərini, “Bir sinədə iki ürək” (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət “Kür Araza qovuşur” kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir. Onun haqqında "Əflatun Saraçlı" adlı kitab (müəllifi professor Ş. Vəliyevdir) nəşr olunmuşdur.

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur.

2008-ci il yanvarın 22-də Bakı şəhərində vəfat etmişdir.

 

Tam adı:İsmət Süleyman oğlu Əhmədov

Doğum tarixi:1952

Ölüm tarixi:


İsmət Süleyman oğlu Əhmədov 1952-ci ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraclı orta məktəbini ə’la qiymətlərlə bitirmiş elə həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1974-cü ildə tə’yinatla Azərbaycan Elmi-tədqiqat Əkinçilik İnstitutunun Bitki Fiziologiyası şö’bəsinə qəbul olunmuşdur. 1975-ci ildə Leninqradda (indiki Sankt-Peterburqda) A.İ. İoffe adına Aqrofizika İnstitutunda bitkilərin biofizikası ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1979-cu ildə Tbilisi Dövlət Universitetinin elmi şurasında "Ali su bitkilərində membran potensialı və membran müqaviməti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən 1991-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki Fiziologiyası şö’bəsində əvvəlcə elmi işçi, sonralar isə baş elmi işçi vəzifələrində çalışmışdır. İsmət Əhmədov dünyada ilk dəfə olaraq bitkilərdə ultrabənövşəyi şüaları udan molekulları aşkar etmişdir. Onun elmi və pedaqoji fəaliyyəti 80-dan çox elmi əsərdə öz əksini tapmışdır. Bu əsərlər SSRİ Elmlər Akademiyasının və dünyanın bir çox məşhur elmi jurnallarında rus və ingilis dillərində çap olunmuşdur. İsmət Əhmədov bir çox beynəlxalq və keçmiş ittifaq miqyaslı elmi simpozium və konfranslarda çıxış etmişdir. 1991-ci ildə Azərbaycanda ilk özəl universitetlərdən biri olan Xəzər Universitetinin yaradılmasında iştirak etmiş, bu universitetin tibb fakültəsində ingilis, rus dillərində mühazirələr oxumuşdur. 1994-cü ildə Amerika İnformasiya Agentliyinin Fulbrayt Fondunun qrantı ilə Amerikanın məşhur Kornell Universitetində 4 aylıq e’zamiyyətdə olmuşdur. Bu universitetdə Fulbrayt mükafatı laureatı kimi dünya şöhrətli alim Roce Spensvikin laboratoriyasında çalışmış, Amerika təhsil sistemi ilə maraqlanmış və tibb fakültələrində biologiya fənninin tədrisinin təkmilləşdirilməsinə aid araşdırmalar aparmışdır. Hal-hazırda Xəzər Universitetinin Bioloji Elmlər Departamentinin müdiri vəzifəsində çalışır.

Tam adı:Ceyhun Yaşar oğlu Nazıyev

Doğum tarixi:23 mart 1965

Ölüm tarixi:


Ceyhun Yasar oglu Naziyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmusdur.
1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dovlət Universitetinin fizika fakultəsinə qəbul olmusdur.
1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna gondərilmişdir. O, burada muhəndis, sonra kicik elmi isci vəzifəsində calışmısdır.
1989-cu ildə musabiqə yolu ilə Azərbaycan Dovlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında muvəffəqiyyətlə mudafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin gondərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir.
1994-cu ildə həmin kafedrada dosent secilmişdir.
1997-ci ildə doktorluq dissertasiyası mudafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq gorulmuşdur.
Ceyhun Naziyevin elmi işləri əsasən karbohidrogenlərin və basqa uzvi maddələrin sıxlığı, istilikkecirməsi, dinamik özlülüyü və səs sürətinin oyrənilməsinə həsr edilmisdir. O, 75 elmi və tədris işlərinin, 1 monoqrafiya, 5 dərs vəsaiti, 1 metodik vəsaitin müəllifidir. əsərlərinin əksəriyyəti yaxın və uzaq xarici olkələrdə dərc edilmişdir. Xarici olkələrdə kecirilən beynəlxalq konqress və simpoziumlarda dəfələrlə məruzələrlə cıxış etmisdir.
Elmdə qazandıgı muvəffəqiyyətlərə gorə o, 1996-cı ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü secilmişdir.
Ceyhun Naziyev 1998-ci ildə ADNA-nın fizika kafedrası üzrə musabiqə yolu ilə professor vəzifəsinə secilmisdir.
Ceyhun Naziyev Dovlət Universititetinin nəzdində fəaliyyyət göstərən Müdafiə Şurasının üzvü olmuş və hal-hazırda Azərbaycan Elmi-Tədqiqat Energetika Institutunun nəzdində fəaliyyət göstərən mudafiə Şurasının üzvüdür.

Tam adı:Yaşar Mövlud oğlu Nazıyev

Doğum tarixi:2 May 1933

Ölüm tarixi: 3 noyabr 2010


Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır.

1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir.

1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Y.Nazıyev 1961-ci ildə professor İ.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər.

1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Professor Y.Nazıyev uzun illər boyu Azərbaycan Texniki Universitetində "İstilik texnikası və istilik qurğuları" kafedrasına rəhbərlik etmişdir. O, nəinki çalışdığı universitetdə, həm də ümumiyyətlə Azərbaycan elmi ictimaiyyəti arasında ən istedadlı şəxslərdən biri hesab olunur. Y.Nazıyev əksəriyyəti ABŞ, İngiltərə, Almaniya, Rusiya, Rumınya, Türkiyə və s. ölkələrdə dərc olunmuş 400-dən artıq elmi əsərin, bir neçə ixtiranın, monoqrafiyaların, "Texniki termodinamika" və "Maddələrin istilik fizikası" adlı dərsliklərin müəllifidir. 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. "Şərəf nişanı" ordeninə və H.Z.Tağıyev mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.

 

Tam adı:Zülümxan Əhməd oğlu Musayev

Doğum tarixi:10 may 1937

Ölüm tarixi: 7 aprel 2003


Zülümxan Musayev 1937-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunu Saraçlı kəndində anadan olmuşdur. Kənddə səkkizillik məktəbdə oxumuş, 1955-ci ildə Faxralı kənd orta məktəbini bitirib Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

1960-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuran Z.Ə.Musayev Dövlət İmtahan Komissiyasının qərarı ilə institutun "Hidrotexniki tikintilər" kafedrasında asistent vəzifəsində saxlanılmışdır.

1963-cü ildə AzPİ rəhbərliyinin qərarı ilə Moskva Ümumittifaq Hidrotexnika və Melorasiya Elmi-Tədqiqat İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir. 1965-ci ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək AzPİ-yə qayıdıb müəllimlik fəaliyyətini davam etdirmişdir.

1989-cu ildə Tbilisi şəhərində "Çay hidrodüyümünün əsas qurğularının yeni konstruksiyasının yaradılması və onların nəzəri əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Professor Z.Ə.Musayev 100-dən artıq elmi əsərin, 10 ixtiranın və ali məktəb tələbələri üçün öz sahəsində ilk dəfə yazılmış dərsliyin müəllifidir. Onun apardığı elmi tədqiqat işlərinin nəticələri respublikanın su təsərrüfat obyektlərində geniş surətdə tətbiq olunmuşdur.

Təkliflərinin həyata keçirilməsi nəticəsində böyük iqtisadi səmərə əldə edilmişdir. Onun təklif etdiyi hidrotexniki qurğular ali məktəblərin dərs proqramlarına daxil edilmiş və müvəffəqiyyətlə tədris olunur.

Ömrünün sonunadək Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Hidrotexniki qurğular və hidravlika" kafedrasının professoru olmuş Zülümxan müəllim 2003-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

Tam adı:Yadigar Hüseynov

Doğum tarixi:3 may 1955

Ölüm tarixi: 2 dekabr 2016


Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir. 120-dən çox elmi məqalənin, 6 müəlliflik şəhadətnaməsinin, 2 monoqrafiyanın, 6 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.  Üç övladı var. 2016-cı ilin dekabr ayının 2-də vəfat etmişdir.

 

Tam adı:Loğman İslam oğlu Məmmədov

Doğum tarixi:24 sentyabr 1957

Ölüm tarixi:


Loğman İslam oğlu Məmmədov 1957-ci il sentyabrın 24-də Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1965-ci ildə Saraclı orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə oranı bitirmişdir. 1980-1984-cü illərdə Qutqaşen (indiki Qəbələ) və Ağdaş rayonlarında təyinatla müəllim işləmişdir. 1984-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hesablama Texnikası və İstehsalat Proseslərinin Avtomatlaşdırılması kafedrasında riyaziyyatçı-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildə "Qeyri-müntəzəm qızdırıldıqda silindrik və sferik cisimlərin gərginlik-deformasiya vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 25-ə qədər elmi əsərin və 2 kitabın müəllifidir. Azərbaycan İnşaat Mühəndisləri Universitetinin HT və İPA kafedrasında dosent işləyib. Loğman Məmmədov respublika səviyyəli 8 konfransda çıxış edib məqalə çap etdirmişdir. Hal- hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri vəzifəsində işləyir.

Tam adı:Şabəddin Cabbar oğlu Musayev

Doğum tarixi:19 dekabr 1952

Ölüm tarixi:


Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru MUSAYEV ŞAHBƏDDİN CABBAR oğlu, 1952-ci il dekabr ayının 19-da Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1985-ci illərdə Ş.C.Musayev Azərbaycan Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının geoloji partiyalarında geolog, böyük geoloq, baş geoloq və partiya rəisi vəzifəsinə qədər yüksəlmiş, Geologiya İdarəsinin Mərkəzi Aparatında böyük geoloq, şöbə rəisinin müavini vəzifələrində çalışmışdır. 1984-cü ildə “Dəlidağ filiz rayonunun mis-molibden filizləşməsinin lokallaşma şəraiti və yerləşməsinin qanuinauyğunluğu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir 1985-1988-ci illərdə Əlcəzair Respublikasında Cənubi Saxara kontraktında Amesmesə və Xanan qızıl yataqlarının kəşfiyyatı işlərində Sovetlər Birliyi qrupuna rəhbərlik etmişdir. 1988-1993-cü illərdə Azərbaycan Dövlət Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Məhəlli Geoloji Fondunun rəisi vəzifəsində çalışmışdır. Ş.C.Musayev 1993-2000-ci illərdə Azərqızıl Şirkətinin Geoloji Kəşfiyyat firmasında baş geoloq işləmişdir. 2001-2006-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə rəhbərlik etmişdir. 2006-2016-cı illərdə Ş.C.Musayev Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin baş geoloqu vəzifəsində çalışmışdır. 2016-cı ildən «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin Geoloji-kəşfiyyat departamentinin rəisi işləyir. Ş.C.Musayev 38 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.

Tam adı:Səfərov Məhəmməd İsa oğlu

Doğum tarixi:1896

Ölüm tarixi: 1972


Səfərov Məhəmməd İsa oğlu.
Doğum tarixi -1896
Doğum yeri -Saraçlı kəndi,Tiflis quberniyasının Borçalı qəzası, Rusiya imperiyası. 
Vəfatı -1972
Vəfat yeri- Gürcustan, Saraçlı kəndi.
Vətəndaşlığı -SSSR
Fəaliyyəti- İngilabçı, ictimai xadim.
Atası-İsa Səfəroğlu
Anası-Mədinə xanım 
Uşaqları – Səfərov İlyas, Səfərov Nəbi, Səfərova (Bədəlova) Səlmi və Səfərova (Kazımova) Mədinə.

  Məhəmməd İsa oğlu Səfərov (1896-1972) – ingilabçı, XX əsrin əvvəllərində Gürcüstanda baş vermiş ingilabi hərəkatın gənc iştirakçılarından biri, ictimai xadim. Böyük Vətən müharibəsi illərnidə gördüyü işlərə görə  “1941-1945 Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə”  medalı almış, bir sıra medal və fəxri fərmanlarla mükafatlandırılmışdır. Xüsusilə də ibtidai və orta təhsilin inkişafında xüsusi xidmətinə görə.
    
HƏYATI
  Məhəmməd Səfərov 1896-cı ildə Gürcüstanın Bolnisi rayonunun Saraçlı (indiki Mamxuti) kəndində anadan olmuşdur. 1911-ci ildə  təhsil almaq məqsədilə ilk dəfə Tiflisə gedir. Ancaq kasıb ailədən olduğu üçün məktəbə qəbul edilmir və burada qalıb işləməyə məcbur olur. 1913-1916-cı illərdə inqilabçı gənclərə qoşulub fəhlə hərəkatlarında  fəal iştirak edir, Filip Maxaradzenin başçılıq etdiyi təşkilata üzv qəbul olunur. Bundan başqa o,1918-ci ilin aprelində Borçalı qəzasında fəaliyyət göstərən cinayətkar dəstələrə qarşı mübarizə aparan gizli dəstənin fəal iştirakçılarından biri olmuşdur.  (К. Кərimov «Hədər getməyən ömür», Sovet Gürcüstanı, 7 yanvar 1988-ci il).
  1917-ci ildə M.Səfərov inqilab komitəsinin tapşırığı ilə doğma kəndə qayıdaraq fəaliyyətini davam etdirir.Gürcüstanda bolşeviklər hakimiyyətə gəldikdən sonra, 1921-ci ildə Borçalı Mahal İngilab Komitəsinin sədr müavini, bir il sonra Torpaq Komitəsinin sədri təyin olunub,hansı ki,indiki Bolnis rayonunun cənub bölgəsini əhatə edirdi.Komitə onun rəhbərliyi ilə “torpaq haqqında dekret”i uğurla həyata keçirir.  Səfərovun adı kəndlilərə torpaq vermiş bir insan kimi Borçalı tarixinə yazılır. 
   1926-ci ilin mayında Məhəmməd Səfərov Saraçlı Kənd Sovetinin sədri seçilir.1927-ci ildə isə indiki Bolnisi rayonunun cənubunun bir neçə kənd sovetliyini birləşdirən İmirhəsən Nahiyə (Tem) Sovetliyinə başçiliq edir.O həmin illər cinayətkarlığa qarşı mübarizə aparır və NKVD-nin tapşırıği ilə 2 mindən artıq silah yiğilaraq dövlətə təhvil verilir.
   Məhəmməd Səfərov əhalinin savadsızlığının qarşısını almaq üçün mühüm işlər görmüşdür.Xalq Komisarları Sovetinin”əhalinin savadsızlığının aradan qaldırılması haqqında dekretinə əsasən” 1919-cu ildə Saraçlıda ilk dəfə açılmış 4 sinifli kiçik bir məktəb, 1926-1927-cı illərdə M.Səfərovun bilavasitə rəhbərliyi altında fundamental şəkildə qurulmuş və böyüdülmüş, hətta məktəbin binasında böyüklər üçün Əlifba Məktəbi də açılmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 30-cu illərin əvvəllərində Saraçlı məktəbi yeddillik orta məktəbə çevrilmiş,eyni zamanda, bundan əlavə Sarvan (Marneuli) məktəbi də əsaslı təmir olunmuşdur. 
   60-cı illərin əvvəllərində M.Səfərovun böyük oğlu İlyas Səfərovun tövsiyyə və rəhbərliyi altında Saraçlı Kənd məktəb binası yenidən tikilmiş və istifadəyə verilmişdir. 
   1929-1930-cu illər M.Səfərov Moskvada Kənd təsərrüfatı işçilərinin Ümumittifaq Kurslarında təhsil almışdır. 
    Gürcüstanin Cənub bolgələrində Sovet hakimiyyətinin qurulmasında fəal iştirakına (qolçomaqlara qarşı mübarizı,torpaq islahatının həyata keçirilməsi və əhalinin savadsızlığının aradan qaldırılması) görə yubiley medalı ilə təltif olunmuşdur.
1941-1945 Böyük Vətən Müharibəsi illərində M.Səfərov cəhbə üçün isti paltar və sursat təşkil edib göndərir,  həmçinin onun şəxsən özü tərəfindən 25 min rubl məbləğində pul hərbi texnikanın yaradılmasına kömək üçün keçirilmişdir. 
Müharibə zamanı və müharibədən sonra gördüyü işlərə görə M.Səfərov medallarla tərtib edilmişdir: “1941-1945 Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə ”, Böyük Vətən Müharibəsində  Qələbənin 20 illiyi”,  “SSSR-in Silahlı Qüvvələrinin 50 illiyi”
. 1945-1956-cı illər – Saraçlıda kolxoz anbarının müdiri işləmişdir. Kənd ahəlisinin ağır günlərində o,bir çox başsız qalmış ailəyə maddi-mənəvi dayaq olmuş, onları taxıl,un və.s kimi ərzaq məhsulları ilə təmin etmişdir.Məhz belə xeyirxah əməlləri ilə kənd əhalisinin hörmətini və etimadını qazanmış, „çörək verən, çörəkcil kişi kimi’’ xalqın yaddaşında qalmışdır.   
1956-cı il. M.Səfərov Gürcüstanın Fəxri Təqaüdçüsü adına layiq görülülmüşdür. 1972-ci ildə vəfat edib, məzarı doğma kəndi Saraçlıdadır. 

Məhəmməd Səfərovun müxtəlif illərdə tutduğu vəzifələrin siyahısı:
1.1921-ci il – Borçalı Qəza İngilab Komitəsinin sədr müavini.
2.1922-1924-cü illər – Qəza Torpaq Komitəsinin sədri.
3.1926-cı il-Saraçlı Kənd Sovetinin sədri.
4.1927-ci il – İmirhəsən Nahiyə (Tem) Sovetinin sədri.
5.1929-cu il – Borçalı Kəndli komitəsi və Borçalı Qəza Torpaq Şöbəsinin sədri.
6.1930-cu il – Borçalı Qəza İcra Komitəsinin sədr müavini.
7.1931-1935-ci illər – Borçalı Kənd Soveti Deputatlarının sədri; Borçalı rayonunun Prezidium üzvü.
8.1936-cı il – Borçalı rayonunun İcra Komitəsinin torpaq şöbə müdiri;  Sarvan kəndində kolxoz sədri. 
9.1937-ci il – Marneuli rayonunun Gorarxı( Alqeti) kəndində kolxoz sədri.
10.1940-1941-ci illər – Saraçlı Kənd Sovetinin katibi.
11.19421945-ci illər – Saraçlıda kolxoz sədri. 
12.    1945-1956-cı illər – Saraçlıda kolxoz anbarının müdiri.

Məhəmməd Səfərovun Hökumət Mükafatları: 
1.“1941-1945 Böyük Vətən Müharibəsində rəşadətlı əməyə görə” medalı. 
2.“1941-1945 Böyük Vətən Müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı.
3.“SSSR-in Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı.
4.“Rəşadətli Əməyə görə V.İ.Leninin 100 illiyinə” yubiley medalı.
5.Gürcüstanda sovet hakimiyyətinin qurulması və Gürcüstan Kommunist Partiyasının 50 illiyi ilə əlaqədar fəxri fərman.
6.Bolnisi rayonu, Saraçlı kəndində ibtidai və orta təhsilin inkişafında xüsusi xidmətlərinə  görə  tərifnamə.