Məzəli əhvalatlar

BU ŞAİRLƏRİN ƏLİNDƏN HARA QAÇAQ


Saraçlı orta məktəbində Əflatun Saraçlının 50 illik yubileyini keçirirdik. Hər tərəfdən qonaqlar gəlmişdi. Şairlər, aşıqlar, el ağsaqqalları, hamı istəyirdi ki, Hüseyn Ariflə, Əflatun Saraçlıyla söhbət etsin, şəkil çəkdirsin. Gənc şairlərdən biri tez-tez onlara yaxınlaşır, hər söhbətə qarışırdı. Hüseyn Arif yaxasını ondan qurtarmaq üçun qayıtdı ki:

- Aya, ay qağa, biz istəyirik ki,  kənd zəhmətkeşləriylə söhbət edək, xatirə şəkillər çəkdirək. Əşşi, bu, şairlərin əlindən hara qaçaq, bilmirəm !

  

MƏNİ, SARAÇLIDA DA TANIYIRLAR.


Hüseyn Arif  Borçalıya qonaq gəlmişdi. Saraçlıda da oldu. Təbiətin vurğunu idi- «Dəyirman bulağı»nda məclis qurulmuşdu.

- Hər qayğıdan uzağıq, qağa. Süzün, əlli-əlli vuraq- deyirdi.

Məclis ziyalılar məclisi idi. Hamı Hüseyn Arifi dinləmək istəyirdi. O da şe'r deyir, təbiətdən danışırdı. Bakıda yaşayan, az-az yazan gənc bir şair tez-tez Hüseyn Arifin sözünü kəsirdi.

 - Arif müəllim, yəqin ki, məni tanıyırsınız, gənc şairəm    deyirdi. Gənc şair onun lap zəhləsini tökmüşdü.

Hüseyn Arif qayıtdı ki: -    Bala, sənin kim olduğunu deyəmmərəm. Ama özün görürsən ki, məni Saraçlıda da tanıyırlar.

 

ADAM DİLİNDƏ DANIŞ


Hüseyn Arif Saraçlıya qonaq gəlmişdi. Yenə də təbiət qoynuna çəkilib, məclis qurulmuşdu. Yaşlı bir muəllimi tamada seçirlər. Müəllim məclis üzvləri ilə şagird kimi danışır. Əmrlər verir: Onu gətir, bunu apar.  Kababı yandırma, Araq süz. və s.

Şair çox dözə bilmir. Söz istəyir. Müəllim çox həvəslə söz verir.

- Qağa, müəllimliyini məktəbdə şagirdlərə göstərərsən. Olarsa, bizimlə adam dilində danış- deyir.

 

BACARIRSAN BİR-İKİ HAVA ÇAL...


Əflatun Saraçlının həmyerliləri ilə görüşü idi- Aydın Çobanoğlu da bu görüşdə iştirak edirdi. Hamı çıxış edir. Ürək sozlərini deyirdi. Aydın Çobanoğlu da söz alır. Başdıyır Ə.Saraçlının həyatını danışmağa. Hüseyn Arif dözə bilmir. Qayıdır ki:

-Ə, qağa, biz bura mühazirə dinləməyə gəlməmişik. Əgər bacarırsan bir-iki aşıq havası çal, oxu. Biz də şad olaq, Əflatun Saraçlı da.

 

QARABULAQ SUYUNDAN YAXŞIMI OLDU?


Saraçlının üst, tərəfində, meşənin ətəyində Kürəxana deyilən yerdə, daş karxanası varıydı. Qonşu gürcü kəndlərindən gəlib burda daş kəsirdilər. Gedib-gəlmək çətin olduğundan, Cefqa Musanın öyündə yatırdılar. Həftədə bir dəfə gedər, gələndə də araqdan-çaxırdan gətirərdilər. Bir gün Cefqa Musa oğlu Qurvanı çağırıb, deyir:

Ə, a qarayığvallı, o gürcülərin çaxır baçonkasını bura gətir, görüm.

Qurvan baçonkanı gətirir, Çefqa Musa baçonkanı, açır, üstündən bir qab çaxır götürür, yerinə su tökür. Axşam yeməyi zamanı süfrəyə çaxır gəlir. Çaxır gürcülərin xoşuna gəlmir. Biri qayıdır ki, ay Musa kirvə, axı, deyəsən çaxıra su qatılıb.

Ə, a allahın gürcüsü, nə oldu ki, sənin o üzüm suyun, bizim dağlardan gələn qarabulaq suyundan yaxşımı oldu?!