Kənd haqqında şeirlər və rəvayətlər

     
  RƏVAYƏT 1
 
 

Deyirlər çox qədimlərdə bir xan varıymış. Bu xanın gozünün ağı-qarası bir qızı, o da ki, xəstəymiş. Loğmanlar, şamanlar çox çalışır qızı sağalda bilmirlər. Xan hər tərəfə car çəkdirir ki, kim qızımı sağalda bilsə, var-dövlətimin yarısını ona verəcəm. Kasıb bir kişi, onun da ağıllı bir oğlu varıymış. Oğlan xanın yanına gəlir.

-Xan sağ olsun! Mən sizin qızınızı sağaldaram deyir.

Xan çox sevinir. Oğlana xəzinənin yarısın, dəvə karvanı, qoyun sürüsü, at ilxısı, pal-paltar vəd edir. Kasıb kişinin oğlu qayıdır ki:

-Xan sağ olsun! Qızınızı bu şərtlə sağaldaram ki, mən nə istəsəm onu verəsiniz.

Xan razılaşır. Oğlan qırx gün möhlət istəyir. Dəniz kənarına gəlir. Otuz doqquz gün gözləyir. Qırxınçı gün dəniz atları sahilə çıxır. Gəmirişir, oynaşırlar. Oğlan pusqudan çıxıb, gözəl bir madyanın yalından yapışır, onun belinə atılır. At   nə qədər atılıb düşürsə, oğlanı belindən yıxa bilmir. At yorulub dayanır. Oğlan tez madyan atın südünü dəri tuluğa sağır, onu buraxır. Və qayıdıb xanın qızını sağaldır. Xan onun istəyini soruşur.

Oğlan qayıdır ki;

Xan sağ olsun! Mənə bir az torpaq ver. Əkim, biçim. Özümü, külfətimi dolandırım, kümə tikim. Qurddan-quşdan, düşmənlərdən qorunum, Qızıl nəyimə lazımdır    xərclənəcək. Paltar köhnələcək, cırılacaq, heyvan yeyiləcək, öləcək. Torpaq həmişəlikdir, əbədidir, ölməzdir.

Bu sözlər xanın xoşuna gəlir. Borçalı adlanan yerdə ona torpaq verir. Qoçaq, ağıllı oğlan həmin torpağı əkir, səpir, ozünə yurd seçir. Bu yurd Saraçlıların yurdudur. Saraçlılar elə o zamandan zəhmətkeş oba kimi tanınır, öz əllərinin zəhmətiylə, qabarıyla dolanırlar.

Torpaq deyir: «Öldür məni - dirildim səni». Torpaq həyatdır! Torpaq yaşayışdır! Kim torpağın dərinliklərinə bir dən atır, bir toxum səpir, oradan çörək, həyat tapır. Məhz Saraçlılar belələrindəndir. Torpağı sevir, yurdu, eli sevirlər.

 
     
  RƏVAYƏT 2
 
 

Deyirlər İmircalada yaşayan oğuz yigitlərinin atları itir. İki oğuz yigiti atları axtara-axtara böyük bir dərəyə girirlər. Bura meşəli, çaylı, bulaqlı gözəl bir yer imiş.

Meşədə bu yigitlərə qoca, nur-ipək bir qarı rastlaşır. Onlar qarının kim olduğunu soruşurlar. Qarı oğuz tayfasından olduğunu söyləyir. Və deyir ki, balalarım, o tayfadan bir mən qalmışam. Bütün nəslimizi bədheybət bir yalquzaq yox edib. Ehtiyatlı olun. Yigitlər çox gəzirlər. İki bulaq suyunun qarışdığı yerdə yalquzaqla rastlaşırlar. Onu öldürürlər. Göy üzündə çoxlu qarğa-sağsağan uçduğunu görüb. Dərəyə doğru enirlər. Orada at leşinə və çoxlu qarğa-quzğuna, sağsağana rast gəlirlər.

Qayıdırlar İmircalaya. Başlarına gələni danışırlar. Elin ağsaqqalı qayıdır ki, meşəsi, suyu, çəməni olan yerlər bərəkətli yerlərdir. O yerə köç edin. O dərənin adını da Sağsağanlı dərəsi qoyuram. Elə o zamandan da oğuzlar köç edir, Sağsağanlı dərəsində yurd salırlar,

Kənd ərazisində olan qədim oğuz kilsələri kalafalar, bütöv kəsilmiş qəbir daşları, qədim daş quyular, yeraltı odalar (Ağalıq bağda), ocaq yerləri, qədim məişət əşyaları, ocaq daşları indi də durur.

Qədim Kəhriz bulağı, orada olan qədim daş hörgülər; qədim Yer adları: Qara qaya, Gözəl dağı, Kalafa, Kilsəli dərə, oğuz qəbristanlığı (yanlış olaraq o qəbristanlığa erməni qəbristanlığı deyirlər), Gəzdək (bu ad yəqin ki, Güzdəkdir), Quru dərə, Şiş güney, Sağsağanlı dərə nədən xəbər vermir ki?!

 
     
  ƏFSANƏ
 
 

Deyirlər Saraşdı yenicə-yenicə yurd salırmış. Elat böyüyürmüş. Uzax-uzax ellərdən igid oğlanlar ailələrini də götürüb bu varlı-bərəkətli torpağa gəlirmiş. Belə igidlərdən biri də Qara adlı igid oğuz oğluymuş. Qonşu tayfalar tez-tez elata hücum edir. Onları soyub-talayırmışlar. Qara and içir ki, onları düşməndən qoruyacaq, məhv olmağa qoymayacaq. Elatın üst tərəfindəki, qayalığa çıxır. Düşmən gələndə hay salıb xəbər verirmiş. Onun qorxusundan heç kim bu köçə hücum etmir. Camaat köç salır, soylaşırmış. Bir səhər elat oyanır, Qaranın səsini eşitmir. Dağa doğru baxanda görürlər ki, Qara qayaya dönüb, elatın əbədi qarovulçusuna çevrilib. Həmin  Qara Qaya indi də durur.

 

  Şeirlər  
 
 
 
 
 
Sığınıb dağların yaşıl qoynuna,
Yenə gülüstana döndü Saraçlı.
Yayılıb sədası bütün cahana,
Dillərdə söylənir indi,Saraçlı.

Qədim adətidir qonağa hörmət,
Yoldaşa sədaqət, dosta məhəbbət,
Şadlıq bəxş eyləyib ona təbiət,
Yarandığı gündən şəndi,Saraçlı.

Bilirəm dünyada yaxşılıq itməz,
Namərdin bağında tikan da bitməz,
Ömründə heç kəsə xəyanət etməz,
Xətadan, bəladan gendi,Saraçlı.

Bu eldən güc alıb neçə sənətkar,
Aşıq Hüseyni var, Əflatunu var,
Hər yerdə tanınır Zahidlə, Yaşar,
Elmdə, hünərdə öndü,Saraçlı.

Bülbülə gülşəni, gülü şirindir,
Övladları məğrur, dili şirindir,
Hər kəsə öz yurdu eli şirindir,
Tariel Qəribliyə — kəndi, Saraçlı.

Həyatım darıxır, hara aparım,

sonu yazılmayan ömür - yarımçıq.

Nə bir gedən vardır, nə bir qayıdan,

hər iki dünyanın qapısı açıq.

O yurd çox qocalıb tanıyammıram,

Yuxarı Şenniyi aşağı köçüb.

Oğullu, uşaqlı ocaq başının

tifağı dağılıb, tüstüsü uçub.

Saraylar xaraba, qəbirlər durur,

orda sevinc ölmüş, qəmsə diridi.

Yurdsuzun, qəribin, dostun, düşmənin

sağ bəndədən rəhmət umduğu yerdi.

Yasəmən kolları içində itən,

səmtin unutduğum o məzarlıqdan

atam yorğun gələr yuxularıma.

Xəyalı yaşayan bir bayatıdan

boylanıb, yolumu açar uzaqdan.

O qəbrin yanından ötən cığırla

bəlkə min il əvvəl keçib getmişəm.

Aramızda yollar, şəhərlər durur.

Ruhum uyğudadı öz odasında,

mənsə hey gedirəm, mənzilin başı

qarışmış həyatın düz ortasında.

Saraçlı kəndində bir dağdağan var,
Deyirlər min ilə yaxındır yaşı.
Keçib başı üstən neçə qış bahar,
Neçə sevinc görüb, neçə göz yaşı

... Bir kəsi evində tapmasan əgər,
Bil ki, “Dağdağanın dibi”ndə olar.
Burdan eşidilər hər təzə xəbər,
Burda görüşərlər bizim qocalar.

Oğlanlar bulaqdan gələn qızları
Həmən dağdağanın dibində gözlər.
Bəzən də eşqində vəfasızları
Burda birləşdirər cığırlar, izlər.

Kəndə çatan kimi əziz qonaqlar,
Əvvəl “Dağdağanın dibi”nə dəyər.
Dağdağan dibində axşam sabahlar,
Kimi yola salar, kimi gözləyər.

... Əzizdir, doğmadır qoca dağdağan
Elin hər evinə, hərküçəsinə
Kəndin yaşını da öyrənin ondan,
Dönüb Saraçlının tarixçəsinə .
Qoynunda boy atdım bir övlad kimi,
Solmayan baharım, yazım Saraçlı!
“Göllücə” meşəsi, “Gözəldərə”si
“Koroğlu qayası” izim Saraçlı!

“Nəsibin yurdu”nu bir vaxt dolaşdım,
“Ağalıq bağı”nda süfrə də açdım,
“Şiş Güney”dən keçdim, “Gəzdək”dən aşdım,
Dünyaya açılan gözüm Saraçlı!

Saz dünyanda Hüseyn əmi birinci,
Əflatun da söz mülkündə bir inci,
Qəlbimin fərəhi, nuru, sevinci,
Şirin nəğmələrim, sazım Saraçlı!

Elmin ziyasından dünya nurlanar,
Səni övladların məbədgah sanar,
Zahid, Abdullatək alimlərin var,
Uca zirvələrdə sözüm Saraçlı!

Demə övladlarım səndən uzaqdı,
İlqarlar yolunda yanan çıraqdı,
Həmişə, hər yerdə elə dayaqdı,
Bax, bu məhəbbətdən yazım, Saraçlı!

Əzizdir hər qarış torpağın, daşın,
Qədimdir ellərin, qədimdir yaşın,
Çoxdur ər oğulun, igid sirdaşın,
Bükülməz biləyim, dizim, Saraçlı!

İndi göylərində səksəkə, duman,
Adını dandılar, dəyişdi dövran,
Könüllər pərişan, qəlblər nagüman,
Tanrı sənə versin dözüm, Saraçlı!

Dilsuzam, lütfünü haqdan dilərəm,
Sənlə ağlayaram, sənlə gülərəm,
Sorsanız hardanam, hansı eldənəm –
Yurdum Borçalıdı, özüm Saraçlı!
Bir ümman var göy üzündə göy qayıq,
Yelkəninə əl çatmayan tənhayıq.
Bu həsrətdə söylə kimi qınayaq?
Ürək odum, göz işığım Saraçlım.

Yenə təkmi “Tək armud”um o vaxtdan?
Günlər, aylar gəlib keçir yanaqdan
Səadəti tapammadıq qıraqda,
Ürək odum, göz işığım Saraçlım

O yerlərdə dil açacaq hər izim,
Qanım kimi qaynayacaq “Kəhrizim”,
“O toy-bu toy”, “Çuxur”, “Şenlik”,“Şəlvizlim”,
Ürək odum, göz işığım Saraçlım.

Aşıq Hüseyn el adını bəzədi,
Onun sazı, onun sözü təzədi,
Mənim meylim o ocağa, közədi,
Ürək odum, göz işığım Saraçlım.

Toyçu Qədir oda tutub o dəfi,
Unudarmı el Həmzəni, Hənəfi,
Mən adına qaldırıram qədəhi,
Ürək odum, göz işığım Saraçlım.

At belində hey yol gedir Gülxanım,
Şair Əhməd, şair təbli loğmanım
Tükənərmi sənə olan ilhamım,
Ürək odum, göz işığım Saraçlım.

İntizamın səndən ayrı bəxti kəm,
Kim deyir ki, öz yuvamdan perikəm,
Mən başına dolanan bir peyikəm,
Ürək odum, göz işığım Saraçlım.
 
Sazlı-sözlü bir diyarın oğluyam,
Qoy bir deyim nələri var kəndimin.
Dəmyələrdə daşdan çörək çıxaran,
Qabar-qabar əlləri var kəndimin.

Yel aparmaz ocağının odunu,

Heç gödəlməz Göllücənin odunu,
Şişgünöydə şimşək ütər otunu,
Boz dumandan tülləri var kəndimin.

Ağ evləri o toy — bu toy düzülüb,
Ot basıbdı yolu izi nəzilib,
Gözəlləri səhəng altda əzilib,
Min ətirli gülləri var kəndimin.

Qara bulud bəyaz qızın saçımı,
Əmlik quzu süfrəsinin tacımı,
Qızmar səma başı üstə sacımı,
Tel oynadan yelləri var kəndimin.

Ha gözləyər geri dönməz gedəni,
Hey aranar bir tapılmaz itəni,
Yada salma hər başından ötəni,
Ağı deyən dilləri var kəndimin.

Torpağını bölük-bölük böldülər,
Soy adını dəftərlərdən sildilər,
Saraçlını bir ölmüşmü bildilər,
Qələm tutan əlləri var kəndimin!
Bahar gəlib, kəkliklərin oxuyur,
Yamacların batıb gülə, Saraçlı.
Sağsağanlı yarpız ətri qoxuyur,
Qucaq açıb axan selə Saraçlı.

Bolus-Mehtər bar-bərəkət gətirib,
Seldağılan nə düşübsə, bitirib.
Arxın altda ala gilas yetirib,
Doymaq olmur, dönüb bala, Saraçlı.

Göllücədən külək qovur dumanı,
Boza çalır sünbüllərin samanı.
Gəlib çatıb yaylaq, binə zamanı,
Hazırlaşır köçün yola, Saraçlı.

Ürək durmur, uçur Ləzgi Daşına,
Gah da qonur Şişgüneyin qaşına.
Pərvazlanıb hey dolanır başına,
Üz çevirib əsən yelə, Saraçlı.

Rəhmət olsun dədələrə! – Yurd seçib,
Əkib, qurub, kipriyilə od biçib.
Vətən deyib, hər daşına and içib,
Cənnət qoyub bizə belə, Saraçlı.
Dağların qoynuna sığınıb bir nər,
Burda neçə nəsil göstərib hünər.
Torpağa yıxılıb götürüb bəhər,
Soruşdum haradır bu gözəl diyar ?
Zahid Xəlilovun eli dedilər.
 
Yoldaşlığı qeyrət üstə qurulan,
Məhəbbəti sədaqətlə yoğrulan.
İnsanları dost yolunda yorulan,
Soruşdum haradır bu gözəl diyar ?
Şair Əflatunun eli dedilər.
 
Sənət dağlarında çaldılar düsər,
Ağıl dəryasında tapdılar gövhər.
Abdulla elinin tacında bir lə'l.
Soruşdum haradır bu gözəl diyar ?
Yaşar Nazıyevin eli dedilər.
 
Üzlər gülər, ürək təmiz, dil təmiz,
Dostlar üçün açıq olur süfrəmiz.
Danışanda xoşdur bizim ləhcəmiz,
Soruşdum haradır bu gözəl diyar ?
Binəli, Binnətin eli dedilər.
 
Meşələri diş göynədən bulaqlar,
Qoynu çiçək-çiçək yaşıl oylaqlar.
Nər biləkli, şir ürəkli oğullar,
Soruşdum haradır bu gözəl diyar ?
Yaşar Hüseynovun eli dedilər.
 
Torpağı çox sevib görməyib kədər,
Zəhməti, qayğısı getməyib hədər.
Qəhrəman görməyib ellər bu qədər,
Soruşdum haradır bu gözəl diyar?
Ömər Orucovun eli dedilər .
 
Qara qaya, Şiş güneyin ecazkar,
Dəyirman yeri cənnətdir aşkar.
Umudun bulağı olub füsunkar.
Soruşdum haradır bu gözəl diyar?
Sə'dinin, Vəzirin eli dedilər.
 
Şayır Söyünüylə öyünən torpaq,
Aşıq Hüseyniylə döyünən torpaq;
Özgə qamçısıyla döyülən torpaq.
Soruşdum haradır bu gözəl diyar ?
Mehrabov Dilbazi eli dedilər.
 
Prokuror işləyən Firudini var,
Həmdulla, Yadigar, Şahbəddini var.
Tofiq Qaraqaya, İntizamı var.
Soruşdum haradır bu gözəl diyar?
Nəsib Hacıyevin eli dedilər.
 
Özü öz oduyla alışır-yanar,
Yandıqca yanğısı ürəklər çalar.
Sönmüş ocaqlarda yanar, köz salar,
Soruşdum haradır bu gözəl diyar ?
İsmətin, Fikrətin eli dedilər.
 
Oğulların nağıl-nağıl dünyası,
Gəlin və qızların həyat aynası,
Anaların ismət, namus siması.
Soruşdum haradır bu gözəl diyar ?
Gülxanım arvadın eli dedilər.
 
Həyat amalıydı duzu-çörəyi,
El yolunda çox üzüldü ürəyi.
Yaxşılıq, gözəllik olub diləyi.
Soruşdum haradır bu gözəl diyar ?
Nəbi Hüseynovun eli dedilər.
 
Hər adı özünün bir nişanı var,
Rəşid Qərənzadə, İsmixanı var.
Ramiz Bədəlovu, Azadxanı var.
Soruşdum haradır bu gözəl diyar ?
Nizamın, Dilsuzun eli dedilər.
 
Zəhər sözü gəlməyibdir dilinə,
Haram tikə almayıbdır əlinə.
Pis niyyətlə baxmayıbdır elinə.
Soruşdum haradır bu gözəl diyar ?
Emin müəllimin eli dedilər.
 
Süleyman, torpağın qəbirin ola,
Heç nəyin olmaya qədirin ola.
Öz soyun, öz kökün, öz adın ola.
Soruşma haradır bu gözəl diyar ?
 Saraçlıdır, Saraçlıdır, Saraçlı.
Bu elə gərəkdin sən indən belə,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Qabaqda nə qədər toylar var hələ,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
 
Dedim yetmiş nədir, yüzü yaxala,
Həyat gözəlləşə, ömür çoxala.
Demədim can yana, ürək yuxala,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
 
Usta sənətini taraz gözləyər,
Təbriz həsrət çəkər, Araz gözləyər.
Hələ neçə-neçə muraz gözləyər,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
 
Elin Qurbanisi, Ələsgərisən,
həm sənət ustası, həm Əsgərisən.
Vaxtsız hardan tapdın dərdi-səri sən?
Nə tez köç eylədin, ay Hüseyn əmi!
 
Əflatun Saraçlı eldən ayrılmaz,
Bülbül həsrət çəkər, güldən ayrılmaz.
Elin sənətkarı, eldən ayrılmaz,
Nə tez köç eylədin, ay Hüseyn əmi!