Kənd haqqında

     
 

HƏR GÜN


Dağdağan ağacının kölgəsinə, Yolçunun çayxanasına toplaşan və dünyanın yaxşı-pis işlərindən şirinli-acılı söhbətlər edən (hərə öz qandığı kimi); təmiz havanı sinədolusu ciyərlərinə çəkən, göz yaşı tək dupduru, loğman sularından «Oxqay» deyərək bir ovuc içənlər; «Dəyirman bulağı»nda, «Solomanın bulağı»nda, «Umudun bulağı»nda, meşə qalalarında kef çəkib dincələnlər; Tanrıverdiöyünün dam yerində, Nazik suda, Göllücədə, Boyük Xududa, Kiçik Xududa, Qapılıqda, Zolodoğlunun dərəsində, Ayrıxsınıı körpüsündə, Suqarışanda, Kalafada, Gilaslıxda, Gözəl dərədə, Quru dərədə, Çovanöyünün dam yerində, Tükəzvanoğlunun biçənəyində, Bığlı Unusun, İslamın yerində, Ağalıq bağda binə qurub, mal-qara, qoyun-quzu saxlayanlar; Çovanöyünün Kazımın binəsində bir cəm camış qatıqı yeyən, ballı qaymaqla, dağ çiçəkləri ilə dəmlənmiş çay içən yolçular; Biçənəklərində kərənti çəkən, ot yığan; bol nemətli dərələrində zoğal dərən, moruq, boyürtkan, quzuqulağı, qulançar, cinçilim, göbələk, çiyələk yığan qız-gəlinlər, cavan-cümrülər bilər, səninqiymətini, qədrini.

 

MEŞƏLƏRDƏ


Kol armudu, kol alması, əzgil, yemşən, göyəm axtaranlar; əllərində sırıx, salavey coyüz çırpanlar; fındıq, tüklü fısdıq yığanlar; yığdıqlarından qış azuqəsi düzəldənlər;

Qara qayanın, Şiş günöyün, Kəhrizin, Gəzdəyin, Mollairvaham dərəsinin, Qaradənin təpəsinin, Yanıx dərənin, Qarabulağın döşündə, yamacında qoyun-quzu otaran çobanlar; mal-qaraya gedən sığırçılar; oxşama, bayatı deyə-deyə badyalara, sərniclərə süd sağan, yığıntı tutub eymələr dolduran, nəhrə çalxayan; kərə yağı, şor, süzmə, qurud düzəldən nənələr-analar, gəlinlər – qaynanalar  bilər sənin qədrini, qiymətini.

 

QIŞ AYLARINDA


Soyuq dəyib xəstələnəndə, canı ağrıyanda, azarlayanda ürəyi qurudlu xəngəl istəyən, itburnu çayı içən, əvəlikli isti, əriştəli isti, sarımsaqlı isti bişirən; süddü aş, yarmaxaşılı (özü də ki, tut bəhməziylə!), unnuxaşıl yeyən cavanlar, qocalar, nəvə - nəticələr; Gölün qırağında, Çuxurda, Çovanöyünün yanında, Çır-çırda,  Şəlvizdidə, Lüllələrin qapısında; maqazinin, poçtun qabağında, Nəbinin dəlləkxanasında, Binəlinin çəkməçi dükanında, kənd klubunda nərd, domino oynayan; evdə odun peçinin böyrünə uzanıb özünü istiyə verən, kartof həlqələri düzüb peçin üstündə bişirən, qovurğa qovuran; bardaş qurub cəhrədə ip əyirən, yun darayan, əlcək-corab toxuyan, cırıq-curuğa yamaq vuran, ilmə tökən, sevimli, istəkli nəvə nəticələrinə nağıl, tapmaca, bilməcə-bulmaca, yanıltmaca, bayatı-qaravəlli söyləyən, sinəsi sözlə-söhbətlə dolu ağbirçəklər, ağsaqqallar; Qarabulaqdan sənəklərini su ilə doldurub, biləkləri üşüyə-üşüyə evə gələn; saçları, hörükləri topuxlarına dəyən, ismətli gözəllər, bakirə göyçəklər; bu gözəllərə, göyçəklərə oğrun-oğrun gözaltı baxan ərgən oğlanlar bilər sənin qiymətini, qədrini.

 

TAXIL ZƏMİLƏRİNİ


əkən-səpən; meyvə bağlarını, meynəlikləri, bostanları becərən; qaratikan çəpərləri, daş hasarları, taxta barıları aşıb, qoyunlarını alma, armud, gavalı, ərik, nar, əncir, xurma, karalyok,  şaftalı ilə doldurub gizli-gizli qaçan uşaqlar; Su arxlarının kənar-larında əvəlik, yemlik, qıjı, qıjıtikan, cincilim yığıb kətə bişirən qızlar; Yastanalarda dirədöymə, eşşəkbeli, top atdım qaç, papaq vurdum, mırt-mırt oynayan oğlanlar; Sağsağanlı çayının yarğanlarındakı oyuqlardan quş tutan, yumurta tapan; mamırlı daşların üstündə xına-xına oynayanlar bilər sənin qiymətini, qədrini.

 

UCU - BUCAĞI  GÖRÜNMƏYƏN


Meşələrdən araba ilə, maşınla, traktorla, hətta sürütmə (eşşəyin belinə iki haçalı aqaç qoyur, o haçalara nazik odunlar yüklənir) ilə odun daşıyıb qışa tədarük görən;

heyvanat üçün laydır-laydır ot tayası yığan; evdəki anbarlara, kisələrə, xaşalara, çuvallara taxıl, arpa, kartof, lobya, noxud, soqan-sarımsaq dolduran; üzüm salxımlarını səliqə ilə kəsib nazik söyüd çubuqlarına düzən, asma düzəldən, çaxır-araq çəkən; bankaları mürəbbə ilə, tut bəhməziylə, duza qoyulmuş xiyar-pomidorla, kələmlə, bibərlə, şərbətləşdirilmiş alma, armud, şaftalı, gavalı, heyva, göyəm, ərik, üzüm və nar dənələri ilə dolduran; ərik, gavalı, tut, əncir qurudan qax düzəldən; keçi ətindən qovurma basan (əti xırda-xırda doğrayıb, yaxşı-yaxşı bişirib, öz yağı çıxana qədər qızardır, qışa saxlayırlar), nəvələrini dizləri üstə oturdub Şayır Söyündən, Şayır Əhməddən, Aşıq Hüseyindən, Əflatun Saraçlıdan, Nizamidən, Dilsuz Musayevdən, Şamxalı Abdullayevdən şirin-şirin şerlər deyən; Əfəndi kişidən, Dərvişdən, Sudya Nəvidən, Bığlı Unusdan, Daşdəmirli Sarı Mahmuddan, Keçəl Nəvidən, Çovanöyünün Abdulla kişidən, «Doxdur» Unusdan, Tat Yaqubdan, Bəkirin oğlu Məmməddən, Cöççə Möylüddən, Çovanöyünün Süleyman kişidən, Çovanöyünün yekəağız Orucdan, dambat Paşadan, Lütkom Alıdan, Səfərov Məhəmməddən, Nazıyev İlyasdan, Emininoğlu Məhəmməddən, kənddə ilk «selsovet» Gülxanım arvaddan, Nazarrın Hamzadan, Gülxanımın oğlu Namazdan, Bədəlov Məhəmməddən, gözəl, məzəli, ağıllı əhvalatlar danışan bilici babalar, atalar bilər sənin qiymətini, qədrini.

Sənin torpağını, daşını, qayanı, dərə-təpəni, kasıbını-varlısını, oğrusunu-düzünü, vuran-tutanını sevənlər; kənd toylarında Osmanov İbrahimin, Möhübbət Kazımovun həzin, gözəl, məlahətli səsini dinləyənlər;  Hamzacanın, düdükçü Abdullanın, toyçu Mustafanım, düdükçü Hənəfin, Doyşangöz Əhmədin qara zurnada çaldığı oynaq-yanıqlı havalara; toyçu Qədirin, toyçu Əmiraslanın, toyçu Calalın nağarada vurduğu təranələrə qız-gəlini oyuna də'vət edən, özünü ədəb-ərkanla aparan dəliqanlılar; toydamında ağır hava çaldırıb ağır-ağır süzən nənələr, zorxana çaldırıb qurşaq tutanlar; elin sevincinə sevinənlər, kədərinə qəmlənənlər bilər sənin qiymətini, qədrini.

 

Saraçlı kəndində bir dağdağan var,

Deyirlər, min ilə yaxındır yaşı.

Keçib başı üstən neçə qış, bahar,

Neçə sevinc görüb, neçə göz yaşı...

 

Saraçlının keçmişinə. Köçənlərə, keçənlərə, qalanlara nəzər salsaq, görərik ki, bu gözəl eldən azman kişilər, qəhrəman oğullar, ismətli qadınlar və neçə-neçə vətən uğrunda canından keçən, şəhid olan oğullar doğulub. Böyuk Vətən müharibəsinin qəhrəmanları Hüseynov İsa həmid oğlu, Səfərlinin Məmməd, Mirzəyev Məhəmməd belə igidlərdəndir. Doğma Azərbaycanın torpaqları uğrunda şəhid olan Əliyev Ramiz Sayad oğlu. Məmmədov İlqar Talıb oğlu, Qərənizadə Elçin Nəbi oğlu, Musayev Binəli Həsrət oğlu qarşısında, onların şəhid qəbirləri qarşısında baş əyirəm.

Saraçlılar el-oba olannan maldarlıqla, sonralar isə əkinçiliklə məşğul olmuşlar. Dədə-babadan Saraçlıların çoxu çoban olmuş, ağalara, bəylərə sərkərlik etmişlər. Bununla yanaşı ozlərinin də çoxlu heyvanı olmuşdur. Sovet hökuməti qurulandan sonra, ağa-bəylər aradan çıxdı. Çoban-sərkərlərin də çoxunu «kulak» etdilər.  Camaatın gözü qarşısında cəzalandırdılar, güllələdilər.

Kolxoz-sovxoz yaratdılar. Camaatı məcbur etdilər ki, əkinçi olsunlar, oldular da. Çünki, Saraçlılar çox zəhmətkeşdirlər. Və zəmanə belə tələb edirdi...

Bir haşiyə: Kim ki, kolxozda uyuşmurdu; Tiflisə, Kutaisiyə, Maxaradzeyə, Qudautaya, Batuma gedərdilər. Müşəlik edərdilər. Bə'ziləri də limon, mandarin, portağal yığar, aldıqları qəpik-quruşla bir təhər başlarını saxlayardılar. Getdi, o günlər!

Saraçlılar gürcülərlə gör, var qonşusudurlar. İllərcə, əsrlərcə birgə yaşayırlar . Saraçlılar qonşuluğa, dostluğa, qardaşlığa, kirvəliyə heç vaxt xain olmayıblar .

Son vaxtlar gürcü millətçiləri, gürcüləşmiş ermənilər, dağ sivanları bu iki xalqı qarşı-qarşıya qoymağa çalışırlar. Saraçlıları incik salır, küsdürürlər. Eldən-obadan soyutmaq istəyirlər . Yaxşı torpaqlar gürcülərə verilir. Vəzifədə olan eloğullarımız işdən çıxarılır. Yüz şərlə-xatayla onları eldən-obadan çıxmağa məcbur edirlər .

Buna baxmayaraq Saraçlılar deyir ki, «bizim üçün fərqi yoxdur. Daşlı-qayalı, çayırlı torpaq da bizimdir. Çalışarıq, oranı da laləzara döndərərik. Eləcədə çalışırlar, əlləşirlər. Onlar dağlardan dağ qeyrəti, düzlərdən ürək genişliyi, çəmənlərdən gözəllik, bulaqlardan saflıq götürüb, öz balalarını ətraflarına  toplayıb yaşamaq eşqiylə zəhmət çəkir, əziyyətlərə qatlaşırlar .

 

Səadət olmazdı - bir eşq olmasa,

Məhəbbət olmazdı- bir eşq olmasa.

Ülviyyət olmazdı-bir eşq olmasa,

Yaşadır insanı - yaşamaq eşqi.

 

Saraçlı, bəlkə də Borçalıda yeganə kənddir ki, evlərində bir neçə ilin azuqəsi olur. Onların torpağa çəkdiyi əziyyət hədər getmir. Bol-bol məhsul alırlar,  hələ artığını da gürcü qonşulara satır , onları da dolandırırlar . Yeri gələndə əl də tuturlar .

Əhsən sizə , eloğullarım !

Ayağınız gəzən , gözünüz görən, əliniz vuran-tutan,  başınız işləyən, diliniz danışan, dişniz çeynəyən, qulağınız eşidən olsun !

Yaşayın, yaradın !