
Şeirlər
Dağdağan
Saraçlı kəndində bir dağdağan var,
Deyirlər min ilə yaxındır yaşı.
Keçib başı üstən neçə qış bahar,
Neçə sevinc görüb, neçə göz yaşı
... Bir kəsi evində tapmasan əgər,
Bil ki, “Dağdağanın dibi”ndə olar.
Burdan eşidilər hər təzə xəbər,
Burda görüşərlər bizim qocalar.
Oğlanlar bulaqdan gələn qızları
Həmən dağdağanın dibində gözlər.
Bəzən də eşqində vəfasızları
Burda birləşdirər cığırlar, izlər.
Kəndə çatan kimi əziz qonaqlar,
Əvvəl “Dağdağanın dibi”nə dəyər.
Dağdağan dibində axşam sabahlar,
Kimi yola salar, kimi gözləyər.
... Əzizdir, doğmadır qoca dağdağan
Elin hər evinə, hərküçəsinə
Kəndin yaşını da öyrənin ondan,
Dönüb Saraçlının tarixçəsinə .
Saraçlı
Sığınıb dağların yaşıl qoynuna,
Yenə gülüstana döndü Saraçlı.
Yayılıb sədası bütün cahana,
Dillərdə söylənir indi,Saraçlı.
Qədim adətidir qonağa hörmət,
Yoldaşa sədaqət, dosta məhəbbət,
Şadlıq bəxş eyləyib ona təbiət,
Yarandığı gündən şəndi,Saraçlı.
Bilirəm dünyada yaxşılıq itməz,
Namərdin bağında tikan da bitməz,
Ömründə heç kəsə xəyanət etməz,
Xətadan, bəladan gendi,Saraçlı.
Bu eldən güc alıb neçə sənətkar,
Aşıq Hüseyni var, Əflatunu var,
Hər yerdə tanınır Zahidlə, Yaşar,
Elmdə, hünərdə öndü,Saraçlı.
Bülbülə gülşəni, gülü şirindir,
Övladları məğrur, dili şirindir,
Hər kəsə öz yurdu eli şirindir,
Tariel Qəribliyə — kəndi, Saraçlı.
Ay Hüseyn əmi
Bu elə gərəkdin sən indən belə,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Qabaqda nə qədər toylar var hələ,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Dedim yetmiş nədir, yüzü yaxala,
Həyat gözəlləşə, ömür çoxala.
Demədim can yana, ürək yuxala,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Usta sənətini taraz gözləyər,
Təbriz həsrət çəkər, Araz gözləyər.
Hələ neçə-neçə muraz gözləyər,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Elin Qurbanisi, Ələsgərisən,
həm sənət ustası, həm Əsgərisən.
Vaxtsız hardan tapdın dərdi-səri sən?
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Əflatun Saraçlı eldən ayrılmaz,
Bülbül həsrət çəkər, güldən ayrılmaz.
Elin sənətkarı, eldən ayrılmaz,
Nə tez köç eylədin, ay Hüseyn əmi!
Kəndimin
Sazlı-sözlü bir diyarın oğluyam,
Qoy bir deyim nələri var kəndimin.
Dəmyələrdə daşdan çörək çıxaran,
Qabar-qabar əlləri var kəndimin.
Yel aparmaz ocağının odunu,
Heç gödəlməz Göllücənin odunu,
Şişgünöydə şimşək ütər otunu,
Boz dumandan tülləri var kəndimin.
Ağ evləri o toy — bu toy düzülüb,
Ot basıbdı yolu izi nəzilib,
Gözəlləri səhəng altda əzilib,
Min ətirli gülləri var kəndimin.
Qara bulud bəyaz qızın saçımı,
Əmlik quzu süfrəsinin tacımı,
Qızmar səma başı üstə sacımı,
Tel oynadan yelləri var kəndimin.
Ha gözləyər geri dönməz gedəni,
Hey aranar bir tapılmaz itəni,
Yada salma hər başından ötəni,
Ağı deyən dilləri var kəndimin.
Torpağını bölük-bölük böldülər,
Soy adını dəftərlərdən sildilər,
Saraçlını bir ölmüşmü bildilər,
Qələm tutan əlləri var kəndimin!