<

Fiziki-Coğrafi mövqeyi

Saraçlı kəndinin fiziki coğrafi mövqeyi və əhalisi

Qədim Borçalı mahalının böyük ellərindən olan SARACLI kəndi - Qədim Bağ Borçalısının Güney tərəfindəki dağların ətəyində - Bolulus bölgəsində (indiki Bolnisi rayonunda) rayon mərkəzi Bolnisi şəhərindən 22 km Şərqdə, Gürcüstanın paytaxtı Tiflis şəhərindən isə 60 km cənubda, dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Ehram (Xrami) çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində, əsasən də sağ sahilində yerləşir.

Saraçlı qonşu kəndlər –Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km məsafədədir.
Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur.
İnzibati ərazisi - 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur.
Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir.

Toponimi:

Bu oykonim mənbələrin verdiyi məlumata görə, Qıpçaq-qazax qarapapaqların Qazax elinə məxsus olan Saraclı elinin adını daşıyır. «Saraclı» tayfa adı əsasında təşəkkül tapıb. (Bax: Mədəd Çobanov, Müşfiq Borçalı. Borçalı toponimləri. Bakı, 2012, 356 səh.)

Orta əsrlərdə Osmanlıda tayfalardan biri Saraclı olub.

Həmçinin, Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində də Saraclı adlı kənd olub.

Gündoğar səmtdə erkən tunc dövrünə aid arxeoloji məskəndə saxsıdan qara pardaqlı, əzmə naxışlı, göy cisimləri təsvirli qablar tapılıb. Yaxında VI-VIII əsrlərə aid salon formalı kilsə aşkarlanıb.

Gürcüstan hökumətinin qeyri-tarixi və qeyri-milli siyasəti nəticəsində 1992-ci ildə Saraclı kəndinin adı dəyişdirilib - gürcü dilində «Mamxuti» adlandırılıb.

Əhalisi:
Əhalisinin əksəriyəti Azərbaycan türkü olan Saraçlıda 1870-ci ildə 161 ailədə 1079 nəfər, 1886-cı ildə 143 ailədə 1026 nəfər, 1926-cı ildə 316 ailədə 1438 nəfər, 2002-ci ildə 758 ailədə 2841 nəfər, 2006-cı ildə 728 ailədə 2217 nəfər yaşayıb. Hazırda əhalisi 3841 nəfərdir.

Etnik Azərbaycan türkü olan saraçlılar tarixi qaynaqlara və tədqiqatçıların yekdil rəyinə görə soykök etibarilə qıpçaqların qazaxlı tayfasının qarapapaqlardan sonra ən böyük tirəsidir.

Saraçlıda bizə məlum olan ilk siyahıyaalma 1727-ci ildə Cənubi Qafqazı tutmuş Osmanlı imperiyasının vergi dəftərdarları tərəfindən aparılmışdır. O zaman saraçlılar Dəmirçihəsənli nahiyəsində yaşayırdılar. "Dəftəri-müfəssəli-əyaləti-Tiflis" adlanan və İstanbul Başbakanlıq Osmanlı Arxivində saxlanan bu vergi dəftərində yalnız kişi cinsindən olan sakinlər siyahıya alındığından (№№441,442) kənd əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyil.
2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə isə Saraçlı kəndinin əhalisi 2841 nəfər olmuşdur ki, onların 48,9%-i kişilər, 51,1%-i qadınlardır.

Hazırda əhalisinin sayına görə Saraçlı, rayonun Bolus Kəpənəkçisi, Faxralı, Arıxlı və Darbaz kəndlərindən sonra 5-ci ən iri kəndidir.