
Ümumi Məlumat
Saraçlı kəndinin tarixi və ümumi məlumat


Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.
Deməli, gürcü tarixi qaynaqları hələ XVII əsrin sonlarından Saraçlını oturaq kənd hesab etmişlər.
Saraçlılar XVIII əsrin sonuna qədər Kür çayının sol sahilində Dəmirçihəsənli nahiyəsində (indiki Qardabani rayonu ərazisində) yaşayırdılar.
Əhalinin əksəriyyəti heyvandarlıqla məşğul olsa da, əkinçiliklə (daha çox taxılçılıqla) məşğul olanlar da az deyildi.
Saraçlılar payız və qış aylarını Qarayazı qışlaqlarında keçirir, yazın sonu və yayda isə Dağ Borçalıdakı dədə-baba yaylaqlarına qalxırdılar.
1785-ci ilin sentyabrında dağıstanlı Ümmə (Ömər) xan böyük bir qoşunla Qanıx çayını keçib Gürcüstan ərazisinə soxuldu.
Xanın əsas məqsədi Rusiyanın himayəsinə sığınmış çar İraklini və gürcüləri cəzalandırmaq olsa da, bu amansız hücumun ilk hədəfi yaylaqdan təzəcə qayıtmış Dəmirçihəsənli kəndləri oldu. Gözlənilməz qətl-qarətlə üzləşən əhali, sözün həqiqi mənasında, pərən-pərən olub dağıldı.
Borçalının və ümumən bütün Cənub-Şərqi Gürcüstanın o ağır günlərində dağlıların anlaşılmaz qəddarlığından canını və malını qurtarmaq istəyən bir çox kəndlər kimi saraçlıların bir hissəsi də İrəvan və Qarabağ xanlıqlarına üz tutdu.
Borçalıda – dədə-baba yurdunda qalmaq istəyənlər isə xilas yolunu İmircala adlanan yerdə, Arpa qobusunun ayağında gizlənməkdə gördülər.
Bir ildən artıq davam edən qətl-qarət rusların köməyi ilə sakitləşdikdən sonra əhali bir daha xaraba qalmış köhnə yurda – Dəmirçihəsənliyə qayıtmadı.
Yeni yurdda da uzun müddət yaşamaq mümkün olmadı. 1795-ci ilin sentyabrında İran şahı Qacarın Tiflisə hücumu ərəfəsində calanın ağcaqanad və mığmığasından, qara suyun yaratdığı xəstəliklərdən əziyyət çəkən əhali adi bir təsadüf nəticəsində indiki yerinə – Sağsağanlı dərəsinin ətrafına köçüb Qaraqayanın ətəyindəki bulağın və onun suyu ilə yaranmış kiçik gölün ətrafında məskunlaşdı.
İraklinin ikinci arvadı Dariyadan olan və qardaşı Georgi ilə taxt savaşında Borçalıların dəstəyinə arxalanan Aleksandr Mirzəyə məxsus təmiz havası və suyu ilə fərqlənən bu səfalı yerlər 1801-ci ildə rəsmən saraçlılara verildi. Əldə olan tarixi sənədlər, Gürcüstan Rusiyaya ilhaq edildikdən sonra, Saraçlı torpaqlarının böyük bir hissəsinin milliyyətcə osetin olan kavaler asessoru İsaq Qamazovun mülkiyyətinə verildiyini göstərir. Lakin XIX əsrin ortalarından başlayaraq saraçlılar bu torpaqları onun özündən və sonralar oğlu Artyomdan satın almağa başladılar. Beləliklə, XX əsrin əvvəllərində Qamazovların əlində yalnız Ağalıq bağ deyilən kiçik bir sahə qalmışdı.
Bolşeviklər Saraçlıya 1921-ci il fevralın sonunda ayaq basdılar.
Aşağı Qoşakilsə, Yuxarı Qoşakilsə və Molla Əhmədli kəndlərinin də daxil olduğu Saraçlı kənd icmasının əvəzinə Saraçlı kənd sovetliyi yaradıldı.
1931-ci ilin əvvəllərində isə kənddə kolxoz quruluşuna keçildi